CV ilə müraciət edərkən bu səhvləri təkrarlamayın

My default image 

CV ilə müraciət edərkən bu səhvləri təkrarlamayın 

 

1. Qrammatik və orfoqrafik səhvlər

 İşəgötürən  şəxs  gündə onlarla və yüzlərlə CV-lərə baxır. Çox vaxt üslubu, qrammatik və orfoqrafiya səhvləri olan CV göndərən namizədlər müsahibəyə çağrılmır. Nəzərinizdə olsun ki, heç kəsin vaxtı yoxdur araşdırsın ki, səhvləriniz savadsızlıqdan irəli gəlir, yoxsa təsadüfi hərf səhvindən. Sadə bir və ya iki səhifəlik kağızı səhvsiz yaza bilməyən mütəxəssisin  iş zamanı məhsuldarlığı şübhə yaradır.

 Əgər sözün düzgün yazılışına şübhə edirsinizsə, onu lüğətdə yoxlayın, mətni bir neçə dəfə təkrar oxuyun və  ya CV-nizi tərtib etmək üçün bir mütəxəssisə müraciət edin.

2. Məqsədin olmaması

 İddia olunan vakansiyanın adının qeyd olunmaması və ya eyni anda eyni namizəd tərəfindən bir neçə vakansiyaya cv-nin göndərilməsi tez-tez rastlanan səhvlərdəndir.  Bu bəzən diqqətsizlikdən, bəzən isə namizədin konkret vakansiyaya iddiası olmamasından irəli gəlir.

 İstənilən şirkətdə məqsədyönlü işçilər yüksək qiymətləndirilir. Siz  CV göndərərkən vakansiyanın adını qeyd etmirsinizsə və ya həmin şirkətdə eyni anda bir neçə vakansiyaya müraciət edirsinizsə, bu sizin qeyri müəyyənlik içində olduğunuzdan, məqsədlərinizin müəyyən olunmamasından xəbər verir.

 Öncə, hansı vakansiyaya müraciət edəcəyinizi müəyyən edin. CV-nizi göndərərkən “mövzu” bölməsində müraciət etdiyiniz vakansiyanın adını mütləq qeyd edin.

3. CV həcminin səhv olması 

 CV- nizin həcmi 2 səhifədən çox olmamalıdır. Unudmayın ki, rekruterə gün ərzində yüzlərlə  CV gəlir və bütün onlara baxıb seçməsi üçün hər  CV-yə ortalama olaraq maksimum 2 dəqiqə vaxt ayrılır. Buna görə də, CV özündə vakansiyaya namizədin uyğunluğunu göstərə biləcək əsas məlumatı əks etdirməlidir.

 Təcrübəniz barədə olan məlumatı əks xronoloji ardıcıllıqda qeyd etsəniz daha düzgün olar. Həmçinin açar bilik və bacarıqlarınızı da qeyd etməyi unutmayın.

4. Uğursuz foto

 Bəzən namizədlər CV-lərində  selfi və ya toy şəkillərindən istifadə edirlər ki, bu da qeyri peşəkar təsurat yaradır.

 CV-nizdə fotonuz səliqəli , neytral fonda çəkilməli, aydın və işgüzar üslubda olmalıdır. Fotonun həcminin çox böyük olmamasına diqqət edin (bəzən hətta 1 A4 vərəqi boyda şəkil də göndərənlər olur).

 CV tərtib etdikdən və oradakı əsas səhvləri düzəltdikdən sonra özünüzü potensial işəgötürənin yerinə qoymağa çalışın. Təsəvvür edin ki, siz tamamilə yad birinin profilinə baxırsınız. Onu işə götürərdiniz? Əgər yoxsa, niyə ? Bu suallara cavab verməklə siz  CV yazarkən səhvlərdən yayına və uğurlu işə düzəlmə şansınızı artıra bilərsiniz.

Uğurlar!

Oxunulub: 813